Nizami Gəncəvi
Nizami Gəncəvi Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi nadir sənət dahisidir. Onun Azərbaycan ədəbiyyatının ən parlaq səhifələrini təşkil edən ölməz yaradıcılığında bəşəriyyəti daimi düşündürən humanist ideyalar tərənnüm olunmuşdur. Dahi şair insan səadəti, mənalı ömür,mənəvi ucalıq, azad və qüsursuz cəmiyyət və başqa bu kimi öz həyati əhəmiyyətini heç vaxt itirməyən zəruri problemləri həllinə çalışmışdır. Nizami əsərlərində xalq ruhu, xalqla bağlı ülvi, bəşəri arzular öz əksini tapır. Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır. Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars,ərəb,çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə , insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir. Şairin yaşayıb yaratdığı dövrdə Azərbaycanmədəni həyatı durmadan bir iqtisadi-çox ölkələri ilə ticarət edirdi. Azərbaycanda elm və mədəniyyətin bütün sahələrində də yeni bir dirçəliş duyulurdu. Azərbaycan ziyalıları dünya mədəniyyəti ilə də yaxından tanış idilər. Ədəbi yaradıcılığı lirik şerlərlə başlayan Nizami məhəbbət mövzusunda yazdığı qəzəllərlə yanaşı ictimai məzmunlu lirik əsərlər, əxlaqi-tərbiyəvi, fəlsəfi səciyyəli qəsidələr,rübailər də yazmışdır. Şairin məhəbbət mövzusunda yazılmış qəzəllərində saf, təmiz məhəbbətlə sevən qəlbin incə, zəif duyğuları ifadə olunmuş, vüsal dəminin sevinci, hicran günlərin ağırlığı öz bədii əksini tapmışdır. Şair lirik irsində həyati gözəllikləri duymağa, dərk etməyə çağırır.
Məhəmməd Füzuli
Füzuli ilk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyaziyyat və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir.
Bəngü Badə Tiryək və Şərab əsərini Şah İsmayıl Xətaiyə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir.
Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli Sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, "Leyli və Məcnun" (1537) əsərini də "Rum zərifləri" adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır.
Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir.
Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyatı gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.
Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.
Füzuli Nəsimidən sonra ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yeni yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır. Onun əsərləri Təbrizdə, Bakıda, İstanbulda, Ankarada, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəşr edilmiş, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.
Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmiş, orada da dəfn olunmuşdur.
Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilmişdir. Əsərləri toplanaraq ən qədim nüsxələr əsasında Azərbaycanda beş cilddə nəşr olunmuşdur.
|